“Bu gün bələdiyyəmizin vergi borcu yoxdur” - bu fikirləri Belediyye.info saytına açıqlamasında Qazax rayon Xanlıqlar bələdiyyəsinin sədri Asya Alhüseynova deyib. Onun sözlərinə görə, bələdiyyənin özünün digər qurumlara hələlik ciddi borcu yaranmır: “Düzdür, Dövlət Sosial Müdafiə Fonduna rüblük ödənişlər edilsə də, ötən ildən bələdiyyə işçilərinə 4-5 aylıq əmək haqqı borcumuz qalıb. Bu gün maliyyə çətinliyi ucbatından əmək haqqını tam verə bilməmişik”.
“Bu gün ancaq torpaq vergisi toplaya bilirik.” A.Alhüseynova qeyd edib ki, əhalidən əmlak və torpaq vergisinin toplanması son iki ilə qədər normal şəkildə həyata keçirilb: “Lakin son iki ildə bu sahədə azalma müşahidə olunur. Yeni qaydalara əsasən, vətəndaşlara bildirişlər paylanılıb. Bələdiyyə ərazisində əkin-biçin dövrü başlayıb. Ona görə inamımız var ki, əhali tezliklə vergilərini ödəyəcəkdir. Məsuliyyətli insanlar vergini ödəyir...
Kəndimizdə sakinlərin əmlaklarının bir çoxunda evlərin çıxarışları yoxdur və ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq evlərin ölçmə işlərini, müvafiq güzəştlərin tətbiqi və digər məsələləri həll etmişik...
Biz bələdiyyə olaraq əhali arasında maarifləndirmə işləri aparırıq.”
Bələdiyyələrin nüfuzunun artırılması məsələsinə toxunan sədr vurğulayıb ki, vətəndaşların bu qurumlara işi düşmədiyi üçün bəzən ona laqeyd yanaşır: “Yəni, insanlar özləri bələdiyyə üçün heç nə etmir, vergisini ödəmir, amma bir problemləri olanda bizi günahkar sayırlar. Ona görə də vətəndaşla bələdiyyə arasında qarşılıqlı etimad yaradılmalıdır. Bəlkə də bu məsələdə bizim özümüzün də haradasa zəif cəhətlərimiz var.”
Bələdiyyənin qarşılaşdığı problemə toxunan, sədr bildirib ki, iki şəxs öz arasında razılaşıb torpaq alqı-satqısı edir, bələdiyyənin bundan xəbəri belə olmur: “Bələdiyyə də vergini almaq üçün vətəndaşa müraciət edəndə ona məxsus torpağı satdığını deyir. Hesab edirəm ki, torpaq və əmlak alqı-satqısı notarial qaydada təsdiqəndiyi halda bələdiyyədən borclar haqqında arayış alınsın və vətəndaşın alqı-satqı əməliyytaından sonra aldığı çıxarışın bir nüxsəsini bələdiyyəyə göndərsinlər.”
Bələdiyyənin ərazisindəki torpaqların ancaq sahibkarlıq fəaliyyəti ilə bağlı hərraca çıxarıldığını deyən sədr həyətyanı torpaq sahəsi kimi torpaqların hərrac çıxarılmadığını qeyd etdi: “Belə ki, 5 il qeydiyyatda olan vətəndaş bizə müraciət edib torpaq ala bilər. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra hərrac vasitəsilə torpaq satışı həyata keçirməmişik”
Bəxtiyar Məmmədli